|
Dəvəçi rayonu 1930-cu ilin avqustun 8-də yaradılmışdır. 1963-cü ildə ləğv edilərək Abşeron rayonuna verilmiş, 1965-ci ildə yenidən təşikl edilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dəvəçi rayonunun əsasında Siyəzən rayonu təşkil edilmiş, rayonun ərazisinin bir hissəsi yeni yaranan rayona verilmişdir. Hazırda Dəvəçi rayonunun ərazisi 1025 kvadrat km, əhalisinin sayı 48100 nəfərdir. Rayonda 1 şəhər, 68 kənd yaşayış məntəqəsi vardır. Bu yaşayış məntəqələri 11 ərazi nümayəndəliyi və 36 bələdiyyə orqanı vasitəsi ilə idarə olunur. Mərkəzi Bakı şəhərindən 120 km aralıqda yerləşən Dəvəçi şəhəridir. Əhalinin ümumi sayının 96,3 %-ni azərbaycanlılar təşkil edir. Rayon əhalisinin 44,5 % şəhərdə, 55,5 % isə kəndlərdə yaşayır. Bu gün rayonda 98 ailə - 355 nəfər məcburi köçkün müvəqqəti olaraq məskunlaşmışdır. Rayon ərazisinin çox hissəsi dağlıqdır. Rayon şərqdən 40 km məsafədə Xəzər dənizi ilə, digər tərəflərdən isə Quba, Xaçmaz, Siyəzən, Şamaxı və Xızı rayonları ilə həmsərhəddir. Dağlıq ərazilərdə və Xəzər boyu düzənliklərdə 27000 hektar meşəlik sahə, rayonun iqlim və təbiətinin zəngin olmasında mühüm rol oynayır. Rayonun ərazisində Şabran və Dəvəçi çayları, şimal və cənub hüdudlarından isə Vəlvələçay və Gilgilçay çayları axaraq Xəzər dənizi hövzəsinə tökülür. Xəzəryanı ovalıq (Samur-Dəvəçi ovalığı) okean səviyyəsindən 28 m-dək aşağıdır. Rayonun cənub-qərbində hündürlüyü 2220 m olan Dübrar dağı yerləşir. Dəvəçi rayonu Böyük Qafqazın şimal-şərqindədir. Böyük Qafqaz silsiləsinin qolları, yan silsiləsinin cənub-şərq qurtaracağında yerləşir. Ərazidə palçıq vulkanları da vardır. Dağlıq hissədə təbaşir, faleogen və neogen, ovalıqda antropogen çöküntüləri yayılmışdır. Ərazi neft, qaz, çınqıl, qum, gil və digər faydalı qazıntı yataqları ilə zəngindir. Müalicə əhəmiyyətli mineral suları, Qalaaltı sanatoriyası, Xaltan istisuyu əhali tərəfindən müxtəlif daxili xəstəliklərin müalicəsində geniş istifadə olunur. İqlimi ovalıq və dağətəyi yerlərdə mülayim-isti, quraq-subtropik, dağlıq yerlərdə isə mülayim-soyuqdur. Yayı quraq keçməklə illik yağıntının miqdarı 300-600 mm-dir. Dağlıq sahədə qəhvəyi dağ-meşə, dağ şabalıdı, açıq-şabalıdı, ovalıqda şorankətvari, boz qonur və s. torpaqlar vardır. Dəniz sahilində qumluqlar yayılmışdır. Əsas bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, yovşanlı və yovşanlı şoran otlu yarımsəhralardan ibarətdir. Heyvanat aləmi və quşlarla zəngindir. Son dövrdə rayonda idman sahəsi inkişaf edir. Dəvəçi şəhər stadionu müasir səviyyədə təmir edilmiş, idman qurğuları və zallarından istifadə genişlənmişdir. Dəvəçi rayonunun coğrafi mövqeyi ərazidə turizmin inkişafına geniş imkanlar yaradır. Rayonun mərkəzindən 12 km məsafədə Xəzər dənizi sahillərində yerləşən Liman ovçuluq təsərrüfatı rayonun Nohurlar kəndi yaxınlığında yeddi möcüzəli dağ gölü, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən "Şəhərgah" adlı ərazi, Dəvəçi simvolu olan 1600 yaşlı əzəmətli Çıraqqala tarixi abidəsi, Azərbaycan şəhərsalma mədəniyyətinin əvəzsiz yadigarı, əsası e.ə. I minillikdə qoyulmuş, Böyük İpək yolu üzərində yerləşən "Şabran şəhəri" arxeoloji abidəsi, Ağalıq kəndi yaxınlığındakı təbii meşəlik ərazi, səfalı bulaqları ilə zəngin olan Zağlı-Zeyvə dağlıq-meşə sahələri bu ərazidəki "Keçi qayası", "Qırx bulaq" adlanan gözəl mənzərəli mühit, Pirəbədil kəndi ərazisindəki gəzməli-görməli yerlər, turizmin inkişafı, istirahət-sağlamlıq zonalarının yaradılması üçün əvəzsizdir. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2003-cü il tarixli 1262 saylı və 27 sentyabr 2003-cü il taixli 1343 saylı sərəncamları ilə "Çıraqqala" tarixi kompleksi və "Şabran şəhəri" tarix və mədəniyyət abidəsi tarixi qoruq elan edilmiş və beynəlxalq turizm marşrutuna daxil olunmuşdur.
|